Kafe və restoranlar açıldı - SON DURUM - REPORTAJ

12:53 18.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq 6 aya yaxındır ki, pandemiyaya görə ölkədə normal həyat məhdudlaşıb. Karantin qaydaları gah yumşaldılır, gah sərtləşdirilir. Restoran, kafelər gah açılır, gah bağlanır. Bu açılıb-bağlanmalar artıq sarkazma da çevrilə bilib. COVİD-19-un üzü qara olsun...

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların müəyyən şərtlərlə fəaliyyət göstərməsinə icazə verildi. O şərtlərdən biri isə odur ki, belə məkanlar hələ yalnız açıq havada fəaliyyət göstərə bilərlər.

Elə bu qərardan sonra yenə sosial mediada o məşhur video yayıldı. Yağışın altında maska ilə oturub yemək yeyən şəxs bütün könülləri fəth edə bildi.

Eybi yox, təsəlliyə nə gəlib ki, nə çoxdur Allahın günəşi...

Restoran və kafelərin fəaliyyətinə icazə verilməsindən iki gün keçir. Hafta.az olaraq ümümi vəziyyəti öyrənmək üçün şəhərin bir neçə kafelərinə üz tutduq.

“Kafe aysberq”... gözəl bağçası var, sərin meh əsir. Amma müştərisi yoxdur. Kafenin işçisi Rəşidə İbrahimova bizə bildirdi ki, iş təzə başlayıb, müştərilər hələ hara gedəcəyini bilmir.

Xanım ofsiant deyir ki, açıq havada fəaliyyətə icazə vermək, elə icazə verməmək kimi bir şeydir:

“Müştərilərimiz ən çox şam etməyə gələnlərdir. Onlar da kabinetlərə üstünlük verirlər. Gündüz gələn müştəri çay içib gedir”.

Rəşidə xanım həmçinin əlavə edir ki, şərtlərə uyğun işləyirik:

“Özümüz maskadan istifadə edirik, gələn müştəriyə maska ilə otur demək olmaz. Stol-stullar məsafəli düzülüb. Çox çətindir, adam heç bilmir nə etsin, necə etsin ki, qərarı verənlər razı qalsın, müştərilər virusa yoluxmasın, kafe də ziyanla işləməsin. Çətindi, elə deyilmi?”

Bilmirəm, nə deyim. Çətindi desəm şiş yanır, asandı desəm kabab...

Kabab demişkən, kafelərə üz tutanların çoxu sifarişi paketlətdirirlər. Yəqin ki, insanların əhatəsində virusa yoluxma riskinin çox olmasına görədir. 

Növbəti baş çəkdiyimiz məkanlardan biri də “Daşfırın” restoranıdır. Bu restoran yalnız içəridə müştəri qəbul edə bildiyindən, verilən qərar bunlara sərf etməyib. Açıq məkanları yoxdur, müştərilər yaxınlaşıb yeyəcəkləri yeməkləri sifariş edib yanlarında daşımalı olurlar.

Bu restoranda çalışan Rəhim Sərdərov deyir ki, restoranların fəaliyyətində belə çeşidli yanaşmalar çoxuna sərf etmir, elə bizim kimi restoranların fəaliyyətsizliyi deməkdir:

“Ticarət obiyektlərinə gedənlər, alış-veriş edənlər virusa yoluxmur, restoranda yemək yeyənlər yoluxur? Qərargahın bəzi qərarları vardır ki, onlar aydın deyil. Restoranların vəziyyəti olduqca ağırdır. Neçə aylardır işsizlikdir. Yenidən özünə gəlməsi üçün vaxt lazım olacaq. Amma qorxursan yenidən sərtləşdirərlər”.

Restoran-kafelərin işləmədiyi müddətdə hazır yemək satan yerlər bu gün də öz aktiv statusunu qoruyub saxlayır. O yerlərə girəndə kütləvi insan selinə rast gəlmək olur. Sözügedən məkanlarda ancaq qadınları görmək olur. 

P.S  Kafe-restoranların fəaliyyəti uğurlu olsun, gün olsun əvvəlki həyatımıza qayıdaq. Azərbaycanın milli mətbəxindən dadmaq istəyən xarici vətəndaşlar da ağız dadı ilə yeyə bilsinlər, öz ölkələrinə qayıdanda “Bakıda 1 manata dönər, üstündə hədiyyə verilən ayrandan başqa bir şey yemədik, Azərbaycan mətbəxi dönərdən ibarətdir” deməsinlər. Elə özümüz də gözəl təamlarımızı dada bilək.

Sosial rubrikasından digər xəbərlər